Ağ kələm salatı

  • 15:52 18.12.2021
  • 357
Ağ kələm salatı

Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə xüsusilə zəngindir. Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır. C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.

Ərzaqlar

750 qram təzə kələm
1-2 ədəd kök
3 xörək qaşığı bitki yağı
80 qram yaşıl soğan
1/2 stəkan üzüm sirkəsi (3%-li)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz

Necə hazırlanır?

1. Əvvəlcə arıtlanmış və yuyulmuş kələmi dörd yerə bölün, özəyini çıxarın, sonra həmin hissələri nazik doğrayıb, dərin olmayan boşqaba qoyub (ən yaxşısı emal qaba qoymaq), duzlayın və şirəsini buraxanadək və yumşalanadək ovxalayın.
2. Bundan sonra şirəni sıxın, kələmi saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin iri gözündən keçirilmiş kök, sirkə əlavə edib, qarışdırın və 2-3 saat soyuq yerdə saxlayın.
3. Süfrəyə verməzdən əvvəl bitki yağı, şəkər əlavə edib qarışdırın. Salat qabına qoyduqdan sonra üzərinə yaşıl soğan və ya şüyüd səpin.
4. Kələm salatına qabığı soyulmuş və dilimlənmiş alma, əvvəlcədən qaynar suda isladılmış ərik qurusu, çəyirdəksiz qara gavalı, həmçinin quşüzümü, turşuya qoyulmuş meyvə və giləmeyvələr əlavə edə bilərsiniz.

Tövsiyə: Bu salatı qəlyanaltı, ya da qarnir kimi ət və ya quş ətindən, həmçinin qaynadılmış soyuq balıqdan hazırlanmış soyuq və ya qaynar xörəklərin yanında vermək olar.

Nuş olsun!