Bakının ilk gerbi
Azərbaycan şəhərlərinin ilk gerbləri 1843-cü ildən yaradılmağa başlanılıb.
Elə Bakının da ilk gerbi 1843-cü ildə yaradılıb. Həmin gerb 4 hissədən ibarət qalxanvari formada idi.
Gerbin yuxarıdakı sol hissəsində bir pələng rəsmi, sağ tərəfdəki hissədə isə torpaq üzərində alov dilimləri təsvir edilmişdir.
Aşağıdakı sol hissədə üzərində yük olan dəvə,sağda isə torpağa sancılmış lövbər təsviri var idi.
Gerbin üzərində olan təsvilərin hər biri özlüyündə nəyi isə simvolizə edir.
Torpaq üzərindəki alov dilimləri bu torpaqların odlu,yanar torpaqlar olduğunu bildirirdi.
Yerə sancılmış lövbər Bakının liman şəhəri olmasını və əhalinin dənizçiliklə məşğul olmasın göstərirdi.
Üzərində yük olan dəvə( bəzi tarixçilərə görə həmin yük zəfəran idi) şəhərdən yüklərin əsasən dəvələrlə daşınılmasına işarə idi.
Yuxarı hissədəki pələng və alov dilimlərinin o zamanlar Bakının da daxil olduğu Xəzər vilayətinin gerbindən götürüldüyü ehtimal olunur.
Nasir Qılman İlkin isə yazılarında pələng təsvirinin vaxtıilə Binə-Maştağa-Zirə kəndləri arasında olmuş meşələrdə (Təmənis düzənliyi) vəhşi heyvanların mövcudluğuna işarə olduğunu qeyd edir.
1883-cü ildə həmin gerb dəyişdirilir.Qəbul edilmiş gerbdə qalxan üzərində qara fonda üç qızılı rəngli alov təsviri var idi.Bu gerbin əsasını 1878-ci ildə Bakı Quberniyası üçün yaradılan gerb təşkil edirdi.
1967- ci ildə üç alov işarəsinin altına dəniz dalğalarının təsviri əlavə edilir. 1975-ci ildə bir daha yenilənir və üç alov simvolun aşağı hissəsindəki dəniz dalğalarının sayı beşə artırılır
Bakının hazırki gerbi isə 2001-ci ildə təsdiqlənmişdir.
Müəllif: Akif Əliyev