Tarixi mədəniyyət nümunələrinin və təbiət abidələrinin qorunduğu "Yanardağ" qoruğu mərkəzdən 27 kilometr aralıda, Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. Tarixi bilinməyən Yanardağ abidəsi yer səthinə çıxan təbii qazın yanması nəticəsində əmələ gəlmişdir. Tədqiqatçılar qədimdən Bakının rəmzi hesab olunan üç yanar alov dilin Yanardağla bağlı olduğunu bildirirlər. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, ilk mənbələrdən demək olar ki birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır. Bundan başqa buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin “Muruc əz-zəhəb və məavhin-əl cavhar” və sair müəlliflərin əsərlərində təsаdüf оlunmaqdadır. Yanardağ tarixən atəşpərəstlərin dini inanc, sitayiş yeri olub.
2007-c ildə Yanardağ abidəsi ərazisində yaradılan qoruğun tərkibinə paleolit dövrünə aid insan düşərgəsi, iki qədim qəbiristanlıq, qədim mağaralar, müalicəvi kükürdlü su bulağı, Qırməki palçıq vulkanı və Əlidaşı piri daxildir. Qoruğun ən yüksək zirvəsində "Qurd yuvası" adlı mağara var. Biletlərin qiymətinə gəlincə isə: yerli sakinlər üçün giriş 2 manat, turistlər üçün 9 manat, tələbələr üçün bilet 1 manat təşkil edir. 18 yaşına qədər uşaqlar, Milli Qəhrəmanlar, I və II-ci qrup əlillər o cümlədən Müharibə veteranlarına giriş sərbəstdir.
Əgər bələdçi ilə gəzmək istəsəniz, Azərbaycan dilində turun 30 dəqiqəsi 3 manat, digər dillərdə isə 6 manat müəyyən olunub.
Qoruqda ziyarətçilər üçün restoran və muzey fəaliyyət göstərir. Muzeydə ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələri nümayiş etdirilir.
Qoruq 2018-ci ildə yenidən qurma işləri ilə əlaqədar bağlanmış və 2019 cı ildə səyahətçilərin ixtiyarına verilmişdir.
İtaliyalı memarlar Laura Peretti və Sandro Teti "Yanardağ" Dövlət Tarixi-Mədəni və Təbii Qoruğunun yenidən qurulmasına dair layihə təklif edib. Bundan əlavə, italiyalı memarların və dizaynerlərin layihəsi gələcək muzeyin həm də açıq səmada teatr səhnəsi kimi istifadə olunmasına imkan verəcək.
Bakının mərkəzindən qoruğa getmək üçün Heydər Əliyev prospekti ilə hərəkət edib Zabrat şossesinə çıxıb Məhəmmədi kəndinə dönüb Yanardağa çatırsız.